6.1.
Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...
6.2.
Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.
6.3.
Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Qeyd: Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
6.4.
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
6.5.
Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi.
6.6.
Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "Badamlı", "İstisu" mineral suları...
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası.
6.7.
Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.
6.8.
İxtisarlar (abreviaturlar) üç cür yazılır:
a. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild);
- Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi);
- sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):
6.9.
İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin.