3.1. Aşağıdakı hallarda mürəkkəb sözlər bitişik yazılır:
1) müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə və bir vurğu ilə deyildikdə: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
2) eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda: addımbaaddım, vurhavur, qaçaqaç.
3.2. Aşağıdakı hallarda mürəkkəb sözlər defislə yazılır:
1) yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: dost-tanış, qohum-qardaş, adət-ənənə, gec-tez, böyük-kiçik, az-çox, ölüm-itim, kafe-restoran, ölüm-itim, kafe-restoran, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, gedər-gəlməz, bitməz-tükənməz, dinməz-söyləməz.
Qeyd: Bu kateqoriyaya –ar, -maz şəkilçiləri ilə düzələn fei bağlamalar da daxildir: yazar-yazmaz, gələr-gəlməz.
2) Sözlərin təkrarından yarandıqda: qaça-qaça, az-az, aşıq-aşıq, top-top.
3) Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: tör-töküntü, kağız-kuğuz, kələ-kötür, adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük,
4) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant.
5) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal.
6) eyni leksik kateqoriyaya aid müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə: kilovat-saat, cənub-qərb, şimal-şərq, ədəbiyyatçı-alim, ədəbi-tənqidi, əfsanəvi-alleqorik.
3.3. Azaltma və çoxaltma dərəcəli sifətlərin yazılışı
1. Azaltma və ya çoxaltma dərəcəsi tünd, ala, açıq sözlərinin köməyi ilə yarandıqda sifətlər defislə yazılır: ala-çiy, tünd-qırmızı, açıq-sarı.
2. Azaltma dərəcəsi düzəldən kəm, təhər sözləri qoşulduğu sifətə bitişik yazılır: kəmşirin, turştəhər.
3. Çoxaltma dərəcəsi düzəldən zil sözü qoşulduğu sifətdən ayrı yazılır: zil qara.
4. Çoxaltma dərəcəsi m, p, r, s samitlərinin köməyi ilə düzələn sifətlər bitişik yazılır: dümdüz, qapqara, tərtəmiz, masmavi.
3.4. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.